“Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi Sərgisi “Beauty Azerbaijan” noyabrın 5-də öz işini başa çatdırdı.
Koronavirus pandemiyasından sonra beynəlxalq miqyasda peşəkar əlaqələrin bərpa edilməsi bu tədbirlərin mühüm əlamətinə çevrildi. Sərgilərin birləşmiş ekspozisiyası dünyanın 12 ölkəsindən 90-dan çox şirkəti bir araya gətirdi. Bu sahənin mütəxəssisləri və işçiləri iki illik məcburi fasilədən sonra ilk dəfə yenidən görüşdülər.
Bu sərgilərin çoxsaylı xarici qonaqları və iştirakçıları mövcud işgüzar əlaqələrin bərpasının və yeni əlaqələrin qurulmasının, eləcə də aktual məlumatların əldə edilməsinin müstəsna əhəmiyyətini vurğuladılar.
Əlbəttə ki, ziyarətçilərin əksəriyyəti ilk növbədə gözəllik, bədənə qulluq və sağlamlıq sahəsindəki yeniliklərə diqqət yetirirdi. Hər kəs öz maraq dairəsini tapdı, öz həmkarları və bu sahəyə aid olan istənilən məsələyə dair məsləhət verməyə hazır olan mütəxəssislər ilə görüşdü. “Beauty Azerbaijan” sərgisi çərçivəsində kosmetologiya və estetik təbabət üçün məmulatlar, ətriyyat, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saç və bədənə qulluq vasitələri, dekorativ və peşəkar kosmetika, gözəllik salonu avadanlıqları və bərbər ləvazimatları təqdim olundu.
Təqdimatların formatı və həm stendlərdə, həm də işgüzar proqramın ekspert müzakirələri zamanı aktual məlumatlarla öz biliyini zənginləşdirmək imkanı səhiyyə və bədənə qulluq sahəsinin bütün istiqamətlərini təmsil edən ziyarətçilər üçün ən yaxşı tövsiyə oldu.
Həm yerli istehsalçılar, həm də xarici sərgi iştirakçıları arasında sərfəli müqavilələrin bağlanmasına xüsusi diqqət yetirildi. Gözəllik və bədənə qulluq sənayesi həmişə mütərəqqi cəmiyyətin həyatının ayrılmaz hissəsi olub, ona görə də hazırkı sərgi dünyanın kosmetika, ətriyyat, gözəllik salonu avadanlıqları bazarında əlaqələrin möhkəmləndirilməsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin növbəti mərhələsinə çevrildi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın aparıcı səhiyyə idarələri tərəfindən dəstəklənən hər iki layihə özünün sosial, iqtisadi və mənəvi səmərəliliyini nümayiş etdirdi, bu da gələcəkdə bu sərgilərin daha da böyüyəcəyinə zəmanət verir.