Noyabrın 4-də Bakı Ekspo Mərkəzində "Beauty Azerbaijan" gözəllik sərgisi öz işini başa çatdırıb. Tədbir "Medinex" III Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar sərgisi çərçivəsində keçirilib. Hər iki layihə on dörd ölkədən yüzə yaxın iştirakçı şirkəti bir araya gətirdi və minlərlə yerli və xarici ziyarətçinin böyük marağına səbəb oldu.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Natiqlər vurğulayıblar ki, Azərbaycan bu gün əhalinin tibbi preparatlarla təmin edilməsində, onların keyfiyyətinin və münasib qiymətlərinin yaxşılaşdırılmasında müsbət dəyişikliklərlə xarakterizə olunur. Ona görə də sağlamlıq, gigiyena və gözəllik sənayesi ilə əlaqəli sərgilərin ənənəvi hala gəlməsi və daim genişlənməsi təsadüfi deyil. Bu il burada təkcə tibbi avadanlıq və preparatlar deyil, həm də tibbi təhsil və sağlamlıq turizmi sahələri təqdim olunur ki, bu da sevindirici haldır.
"Beauty Azerbaijan" sərgisi kosmetologiya və estetik tibb məhsulları, təbii və dekorativ kosmetika eksponatları, estetik salonlar üçün avadanlıqlar, dırnaqlara qulluq üçün alətlər və avadanlıqlar və s. ilə ziyarətçiləri cəlb edib. Əlbəttə ki, dünya gözəllik və gənclik ənənələri üzrə bu layihə təkcə qadın qonaqlar arasında deyil, həm də Azərbaycanın bölgələrində, yaxın və uzaq xarici ölkələrdə estetik tibb salonlarını təchiz edən bir çox sahibkarlar arasında böyük maraq doğurub.
Sərgilərin gedişində ekspertlər və mütəxəssislərin tibb sahəsində bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, yerli və xarici sahibkarların iştirakı ilə B2B işgüzar görüşləri və digər tədbirlər təşkil olunub. Bu format ziyarətçilərə sənayenin son tendensiyaları haqqında yeni bilik və məlumatları əldə etmək, habelə öz peşəkar bacarıqlarını artırmaq imkanı verdi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Medinex" 2023 sərgisinin rəsmi sponsoru qismində çıxış edib.
Sərgilərin təşkilatçıları "Caspian Event Organisers", eləcə də onun tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləridir.